Bu gün Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Elə də oldu, xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi və bununla da ölkəmiz üçün yeni bir inkişaf mərhələsi başladı.
31 oktyabr 2003-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:
"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!"
Daha sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:
"Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam."
Prezident seçilən İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirərək, Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalacağını bir daha bəyan etmişdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqına verdiyi vədlərin hər birini yerinə yetirib. İlham Əliyevin prezident seçildiyi gündən bugünə ölkəmiz bütün sahələrdə sürətli inkişaf etmiş və etməyə davam etməkdədir. Eyni zamanda xalqın rifah halı daha da yaxşılaşıb.
Azərbaycanın Respublikasının siyasi və iqtisadi imkanları genişləndirilib, müasir və güclü Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenalardakı mövqeləri möhkəmləndirilib.
Ən vacibi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı böyük və müqəddəs arzusu həyata keçirilib.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edərək Azərbaycan xalqını ayağa qaldırdı, xalqı dəmirdən yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.
44 günlük müharibə ərzində bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev çatdırırdı. Və nəhayət 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladı.
Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi.
Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın təbliğatlarının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev həm xalqa müraciəti, həm sosial medya paylaşımları, həm də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi.
Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida!” ifadəsi ilə artıq bütün Qarabağın azad edildiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.