Bakıda fəaliyyət göstərən peşə məktəblərindən birinin tələbəsi olan 16 yaşlı qızın ailəsi tərəfindən döyülməsi faktı aşkarlanıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, yeniyetmə küçədə gecələyib, onun təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməlidir.
Elm və Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə Baku TV-yə bildirilib ki, hadisə noyabrın 30-da baş verib.
“Yeniyetmə yaşadığı evdə döyülüb. Dekabrın 1-də peşə məktəbinə gələndə onda döyülmə izləri aşkarlanıb. Rəhbərlik tərəfindən məsələ barədə Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara məlumat verilib”, – deyə qurumun açıqlamasında qeyd edilib.
DİN-in məlumatına görə isə faktla bağlı araşdırma aparılır.