Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlaması hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıblar.
Onlardan Tağızadə Arzuman və Bağırov Elmin Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Elmin Bağırovun hər iki ayağı travmatik amputasiya edilib, Arzuman Tağızadənin isə sağ bazu sümüyü sınıb. Tərtərdə isə Polad İsmayılova üzün, sağ döş qəfəsinin, sağ yuxarı ətrafın çoxsaylı qəlpə yarası diaqnozu qoyulub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.