Əgər, avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır.
Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaqlar. Bu haqda AAYDA(Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi)-nin mətbuat katibi Anar Nəcəfli danışıb. O bildirib ki, "Ödənişli yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb. Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara əsasən, avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib. Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən, orada quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər, avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır."-deyə qurumun sözcüsü bildirib.
Anar Nəcəfli qeyd edib ki, yolda sürücü A nöqtəsindən B nöqtəsinə sürəti dəyişmədən eyni sürətlə hərəkət edə biləcək. Yol boyunca zəruri olan kamera və digər avadanlıqlar yerləşdirilib. Ehtiyac olarsa radarlarda quraşdırılacaq.
Qeyd edək ki, şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi ödənişli yeni avtomobil yolu Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhəddinədək olan, 150 km-lik hissə, 1-ci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolaqlıdır.
Bu yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulub.