Dövlət Məşğulluq Agentliyinin 15 saylı ərazi Məşğulluq Mərkəzinin baş mütəxəssisi Ziya Zaidov işdən çıxarılıb.
Azərbaycan İdeyası Qaynarinfo-ya istinadən xəbər verir ki, onun işdən çıxarılmasının səbəbi bəlli olmasa da, Ziya Zaidov bu qərarı qanunsuz hesab edir. Hər halda Agentliyin keçmiş əməkdaşı işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Kərim Xudiyevin icraatındadır.
Nəzərinizə çatdıraq ki, Ziya Zaidov Vətən müharibəsi iştirakçısıdır. O, 2021-ci ildə "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində də məlumat dərc edilib.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.