Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.
Azərbaycan İdeyası xəbər verir ki, iclasda MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri "online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.
Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.