Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası səslərin ilkin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyevin 92,12 faiz səs topladığını açıqlayıb.
"Azərbaycan İdeyası" xəbər verir ki, Azərbaycanın Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurmalı və nəticələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Ölkə Konstitusiyasının 102-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Bu isə o deməkdir ki, prezidentin andiçmə mərasimi fevralın sonuna qədər reallaşacaq.
Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılmalıdır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.
Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.