Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır.
“Aİ” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara görə, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
Həmçinin, tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər.
Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:
– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;
– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;
– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.
Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.
Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.