Kürdəmirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report İnformasiya Agentliyi” bildirir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 176-cı kilometrində rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 31 yaşlı sürücü Ərəstun Əflatun oğlu Sərdarlı “Hyundai Sonata” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “Hyundai” markalı evakuatora çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan sürücü Ərəstun Sərdarlı və avtomobildə olan digər şəxslər- 33 yaşlı Qüdrət Saleh oğlu Ağamalıyev və 29 yaşlı Nicat Əflatun oğlu Sərdarlı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılaraq həkim nəzarətinə alınıblar. Həkimlər hadisə zamanı daha ağır xəsarət alan Qüdrət Ağamalıyev və Nicat Sərdarlının vəziyyətləri ağır olduğundan onları Bakı şəhərinə göndərməyi planladıqlarını dilə gətiriblər.
Faktla bağlı araşdırma aparılır.