Türkiyə Böyük Millət Məclisində millətvəkilləri əlbəyaxa dava edib.
Türkiyə Böyük Millət Məclisində (TBMM) TİP (Türkiyə İşçi Partiyası) Hatay millət vəkili Can Atalay üçün növbədənkənar iclas keçirilib. İclasda DEVA (Demokratiya və Tərəqqi) Partiyası Ankara Millət vəkili İdris Şahin fərdi müraciətin əhəmiyyətinə toxunaraq, normal şəraitdə Məclisi CHP (Cümhuriyyət Xalq Partiyasından) Gülizar Biçer Karacanın idarə etməli olduğunu, lakin Bekir Bozdağın qeyri-qanuni olaraq idarə etdiyini bildirib. TİP İstanbul Millət vəkili Əhməd Şık bu məqamda söz alaraq “Utanmazsan. Sənin utancın, ləyaqətin yoxdur. Ona görə də burada nəzakətli danışmağa ehtiyac yoxdur” deyib. Bundan sonra isə hadisələr öz cığırından çıxmağa başlayıb.
Belə ki, AKP qrupundan gələn tənqidi səslərə qarşı Ahmet Şık Abdullah Gülərə “Həqiqət hər zaman acıdır. Titrətdiyin o barmağını sındıracağıq, bunu yaşayacaqsan.” deyə səslənib. AKP qrupundan “şərəfsiz” səsləri yüksəlikdə isə Ahmet Şık “Sənsən, şərəfsiz. Sizin ləyaqətiniz yoxdur" deyə cavab verib.
Ahmet Şıkın bu sözlərindən sonra AKP-lilər Əhməd Şıka yumruqla hücum ediblər. İri miqyaslı əlbəyaxa davaya çevrilən bu hadisələr səbəbi ilə Parlamentin iclasına 45 dəqiqə fasilə verilib.