Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı şəxs - Yaşar Dadaşov bugün xəstəxanada dünyasını dəyişib.
Gəlini 57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusunu içərək canına qəsd etməyə çalışan Yaşar Dadaşov, tibbi müdaxilələr nəticəsində qurtulub. Lakin bugün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
"Qafqazinfo" məlumat yayıb ki, Yaşar Dadaşov bir çox orden və medallarla təltif olunmuş Azərbaycanın məşhur dənizçilərindən biri olub.


1935-ci ildə Bakıda anadan olan Yaşar Dadaşov, 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən etibarən dənizçilik fəaliyyətinə başlayan Dadaşov gəmi kapitanı kimi uzun müddət xarici sularda üzmüş və 2003-cü ildə "Şöhrət" ordeni mükafatına layiq görülmüşdür.
Hadisəyə yenidən nəzər salsaq; Yaşar Dadaşov hadisədən sonra verdiyi məlumatlarda, gəlini Gülnarə Dadaşovanı ailə münaqişəsi zəmnində qətlə yetirdiyini bildirib. O, gəlininin ona yaxşı baxmadığını və evdə yaşamasını istəmədiyini deyib. Hətta oğlunun ailəsinin onu öldürmək niyətində olduğunu düşünüb. Məhz bundan sonra 88 yaşlı kişi gəlinini 19 oktyabr səhər saatlarında tüfənglə gülləyərək öldürüb.