"Hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyi daha da artırılsın"
Bunları Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 30-da öz rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirərkən deyib.
Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin martın 18-də Xankəndi şəhərində Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Ordumuzun döyüş qabiliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin Azərbaycan Ordusuna verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd edib.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq göstərişlər verib.