Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.
General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi çatdırılıb.