Azərbaycan İdeyası

"Qarabağ Universiteti"-nin yaradılması ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı

Tarix:30-11-2023, 20:30
Baxış Sayı:10

 

Prezident İlham Əliyev "Qarabağ Universiteti"-nin yaradılması ilə bağlı sərəncam imzalayıb.


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə qərara alıram:

1. Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:

2.1.1. Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.1.3. Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 


Qeyd edək ki, universitetin gələn ildən etibarən tələbələrin qəbuluna başlayacağı planlaşdılır.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO