Bugün ölkə ərazisində çoxlu sayda yol nəqliyyat hadisələri qeydə alınıb. Paytaxt Bakı, Kürdəmir və Gəncə hər birində baş verən qəzaların nəticəsi ağır olub.
Azərbaycan İdeyası APA-ya istinadən bildirir ki, Kürdəmir rayonunda Türkiyə vətəndaşı avtomobil ilə piyadanı vurub. Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. 38 yaşlı Nuray Kırcı idarə etdiyi “KİA OPTİMA” markalı minik avtomobili ilə “MİTSUBİSHİ” markalı avtomobilə minmək istəyən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Natavan Eldar qızı Abdullayevanı vurub.
Ağır xəsarətlər alan zərərçəkən hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Bakıda da piyadanın ölümü ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Koroğlu metrostansiyasının qarşısında qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçən 63 yaşlı İsmayılov Nurut Əkbər oğlunu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, toydan qayıdan piyada sərxoş vəziyyətdə olub. Əraziyə polis əməkdaşları cəlb edilərək sürücü saxlanılıb.
Gəncədə də piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 57 yaşlı Sədaqət Həsənovanı vurub. Piyada hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Gəncənin Nizami Gəncəvi prospektində daha bir yol qəzası baş verib. Hərəkətdə olan "Opel" markalı minik avtomobili "VAZ 2107" markalı avtomobillə ilə toqquşub və daha sonra divara çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.
Baş verən bütün faktlarla bağlı araşdırma aparılır.