Şəkidə qətl hadisəsi baş verib. Yetkinlik yaşına çatmamış 16 yaşlı şəxs 35 yaşlı kişini qətlə yetirib. Hadisə Şəki şəhəri, Mirzə Fətəli Axundov prospekti, Giləhli küçəsində qeydə alınıb. Yeniyetmənin 35 yaşlı Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə dair şüphələr müəyyən edilib.
Qətlə yetirilən Tehran Mustafayevin atası-Qüdrət Mustafayev bildirib ki, hadisəyə səbəb, oğlu ilə qətl hadisəsi törədən yeniyetmə arasında yaranan mübahisə olub. Onun sözlərinə görə, yeniyetmə ailəsi ilə birlikdə mağaza işlədirmiş. Oğlu Tehran Mustafayev də tez-tez mağazaya gedib alış-veriş edirmiş. Nə baş veribsə mağazada baş verib və mübahisənin sonu ölümlə bitib deyə Qüdrət Mustafayev danışıb. O, deyir ki, "Mağazadan çıxandan sonra oğlumun ayağı ilişib və yıxılıb. Qalxandan sonra yeniyetməyə şillə vurub. Sonra uşaq da oğlumla haqq-hesab etməyə gəlib. Uşaq özü də Şəkidəndir və aralarındaki adi bir münaqişəyə görə oğlum ölüb."
Qeyd edək ki, qətli törədən yeniyetmə evin tək oğlu olub. Qətlə yetirilən Tehran Mustafayev də ailənin tək oğul övladı olub və 2 övladı var idi.
Cinayət məcəlləsinin 120.1-ci yəni qəsdən adam öldürmə maddəsi ilə Şəki Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədən şəxs qismində Samir Babayev saxlanılıb, hazırda ibtidai istintaq davam etdirilir.