Sumqayıtda evə silahlı basqın edərək 2 nəfəri öldürüb, 4 nəfəri yaralamaqda təqsirləndirilən Müşviq Tağıyevin daha əvvəl də məhkumluq cəzası olduğu ortaya çıxıb.
“Azərbaycan İdeyası” APA-ya istinadən məlumat verir ki, 2 iyun 2023-cü il trarixində Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Müşviq Məhəmməd oğlu Tağıyevə azadlığının məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq olunub.
Bu hökmdən əlavə, Müşviq Tağıyev 22 iyul 2023-cü il tarixində Yaşıldərə bağlar ərazisində qonşusu Əli Məmmədovla su borusu üstündə dava edərək qonşusuna xəsarət yetirib. Faktla bağlı inzibati icraat başlanılıb. Müşviq Tağıyev Sumqayıt şəhər məhkəməsinin müvafiq qərarı ilə təqribən 150manat cərimə olunub. Ona verilən müddətdə cəriməni ödəmədiyi üçün yenidən məhkəməyə çağırılaraq 19 oktyabr 2023-cü il tarixində keçirilən açıq iclasda cəzası dəyişdirilərək 160 saat islah işləri ilə əvəz olunub.
Xatırladaq ki, okytabrın 28-də səhər saat 6 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfəri - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş və hadisə yerinə gələn qonşuları - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.