Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşını aşıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli maye dağılması barədə məlumat daxil olub.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200m2 sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.
Hadisə ilə bağlı TƏBİB bildirilib ki, bu gün saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub: “Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub”.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.